AMEA-nın qarşısında işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi ilə bağlı mühüm vəzifələr dayanır

image

Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindəndir. Hazırda Azərbaycanda da bu sahəyə xüsusi diqqət yetirilir. Müstəqil Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən, ardıcıllıqla həyata keçirdiyi uğurlu enerji siyasəti, transmilli şirkətlərlə birlikdə reallaşdırdığı irimiqyaslı layihələr beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsinə səbəb olub. Hazırda “yaşıl enerji”, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrilməkdədir.

Avqustun 3-də Baş nazir Əli Əsədovun sərəncamına əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun yaradılması Azərbaycan dövlətinin ölkəmizdə “yaşıl” texnologiyaların tətbiqinə xüsusi diqqət ayırdığını və bu istiqamətdə həyata keçirilən işlərə dəstək verdiyini göstərir.

"Berpaolunanenerji.az" "AZƏRTAC"a xəbər verir ki, bunu müvafiq sərəncamla bağlı fikirlərini bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Rasim Əliquliyev deyib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl” texnologiyaların tətbiqi ilə bağlı sərəncamın AMEA-nın qarşısına qoyduğu vəzifələrdən danışan alim müvafiq sferada uğurlu dövlət siyasətinin həyata keçirilməsində akademiyanın elmi müəssisə və təşkilatlarının fəal iştirakının təmin edilməsi, ölkənin “yaşıl enerji” potensialının qiymətləndirilməsinə dair təklif və tövsiyələrin hazırlanması, elmi-intellektual potensialın müvafiq istiqamətdə səfərbər edilməsinin zəruriliyindən bəhs edib.

Vitse-prezident ötən ildən başlayaraq, “yaşıl enerji”nin intellektuallaşdırılması, “yaşıl” texnologiyaların tətbiqi, yeni nəsil enerji mənbələrinin idarə olunması və s. istiqamətlərdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda da tədqiqatlar aparıldığını, rəhbərlik etdiyi bu elmi müəssisənin müvafiq sahədə dövlət siyasətinə elmi dəstək verdiyini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn vəzifələri diqqətə çatdırıb. O, Tədbirlər Planının icrasını təmin etmək məqsədilə bir sıra məsələlərin həlli ilə bağlı AMEA-nın müvafiq elmi bölmələri qarşısında mühüm vəzifələrin qoyulduğunu bildirib. Vitse-prezident AMEA-nın elmi müəssisələrinin Tədbirlər Planında müəyyənləşdirilmiş vəzifə və tapşırıqların icrasında yaxından iştirak edəcəyini deyib.

Alim “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsinə yer ayrıldığını söyləyib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun durmadan artdığını, ölkəmizin bu prosesdə daha fəal iştirak etmək məqsədilə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış etdiyini qeyd edib.

“Cari il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” çox mühüm tarixi sənəddir. Xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı enerji təhlükəsizliyi məsələlərinin müzakirə edilməsi yaxın gələcəkdə alternativ enerji mənbələrinin əldə olunması və onlardan istifadə üçün müəyyən tədbirlərin görülməsini yenidən gündəmə gətirdi. Bərpaolunan enerji sahəsində nəhəng potensiala malik olan Azərbaycan Qarabağ, Zəngəzur, Xəzər dənizi və digər ərazilərdə alternativ enerji mənbələrindən əldə olunan enerjini idxal etməklə yanaşı, həm də Avropa bazarına ixrac edərək, dünyanın qlobal enerji təhlükəsizliyinə, böyük bir regionun “yaşıl enerji” ilə təminatı məsələsinin həllinə mühüm töhfə verə bilər”, – deyə vitse-prezident bildirib. Akademik Rasim Əliquliyev Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli və etibarlı əməkdaşlığın böyük nailiyyət olduğunu qeyd edib.

Çağdaş dövrümüzdə yeni, dayanıqlı enerji mənbələrinə üstünlük verilməsinin vacibliyini vurğulayan Rasim Əliquliyev AMEA-nın alim və mütəxəssislərinin müvafiq sahənin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Alim, həmçinin akademiyanın və ölkənin müvafiq qurumlarının öz mövcud imkanlarını birləşdirməklə vahid müzakirə platformasının yaradılması üçün “yaşıl enerji” sahəsi üzrə beynəlxalq elmi-praktiki konfransın keçirilməsi təklifini irəli sürüb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *