AYİB-lə bərpa olunan enerji üzrə yeni əməkdaşlıq prioritetləri müzakirə edilib

image

Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

"Berpaolunanenerji.az"a Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə AYİB ilə uzunmüddətli və geniş əməkdaşlıqda mühüm rol oynayan enerji sektorunda həyata keçirilən və planlaşdırılan layihələr, həmçinin yeni tərəfdaşlıq imkanları dəyərləndirilib.  

Görüşdə Bankın Qaradağ Günəş Elektrik Stansiyası və Xızı-Abşeron Külək Elektrik Stansiyasının inkişafına dəstəyi yüksək qiymətləndirilib. Bərpa olunan enerji hərraclarının keçirilməsinə, kiçikmiqyaslı bərpa olunan enerji layihələri üçün lazımi normativ çərçivənin tətbiqinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı layihələrin gedişatı nəzərdən keçirilib. Həmçinin elektroenergetika sektorunda aşağı karbonlu həll yolları, Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq (E5P) proqramı üzrə əməkdaşlıq çərçivəsində atılacaq addımlar müzakirə edilib. Bildirilib ki, Azərbaycanda bərpa olunan enerji sahəsində daha iri istehsal güclərinin yaradılması və Xəzər dənizində ilkin mərhələdə 6 min meqavatlıq layihələrin reallaşdırılması ilə bağlı planlar şəbəkənin təkmilləşdirilməsini aktuallaşdırır və bu, bərpa olunan enerji sektorunun gələcək inkişafı üçün əsas şərtlərdəndir.

AYİB-in prezidenti sadalanan istiqamətlər üzrə əməkdaşlıq üçün investisiya imkanlarının dəyərləndiriləcəyini və şəbəkənin gücləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Nazirlik ilə AYİB elektroenergetika sektorunun inkişafına texniki dəstəyə dair Anlaşma Memorandumu imzalamağı planlaşdırır. Sənəd bərpa olunan enerji, enerji səmərəliliyi, aşağı karbonlu elektroenergetika sektorunun inkişafı, metan emissiyalarının azaldılması və hidrogen texnologiyaları daxil olmaqla yeni əməkdaşlıq gündəliyini əhatə edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *