Azad edilmiş ərazilər dünya miqyasında ən öndə gələn xalis sıfır emissiyalı "yaşıl enerji zonası"na çevriləcək

image

Azad edilmiş ərazilərdə "yaşıl enerji zonası"nın yaradılması istiqamərində konsepsiyası hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.

"Berpaolunanenerji.az" xəbər verir ki, azad edilmiş ərazilər "yaşıl enerji" resursları ilə kifayət qədər zəngindir. Burada formalaşan su resursları Azərbaycanın yerli su ehtiyatlarının dörddə birini təşkil edir.

Cəbrayıl rayonunda Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” SES-lərinin tikintisi nəzərdə tutulur və bu SES-lərin Azərbaycan tərəfi üçün gücü 140 MVt olacaq. Hazırda ümumi gücü 15.8 MVt olan 3 kiçik SES (“Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”) bərpa edilərək istismara verilib, 4.4 MVt gücündə “Kəlbəcər-1” KSES-də təmir-bərpa işləri davam edir.

Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi üçün İcra Müqaviləsi imzalanıb.

Laçın və Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Azad edilmiş ərazilərdə bio və geotermal enerji potensialından istifadə istiqamətində müvafiq təhlillər və araşdırmalar aparılır.

Qeyd edək ki, “yaşıl enerji zonası” dedikdə enerji tələbatı bərpaolunan enerji mənbələrindən maksimum istifadə edilməklə təmin edilən və enerji dəyər zəncirində ekoloji təmiz,  enerji səmərəli, innovativ yaşıl texnologiyalardan istifadə edilən ərazi başa düşülür.

“Yaşıl enerji zonası”nda mərkəzləşdirilməmiş və mobil şəkildə tətbiq edilə biləcək kiçik həcmli “yaşıl enerji” həllərinə də xüsusi önəm veriləcək. Fərdi ev təsərrüfatlarında günəş panelləri və istilik nasosu əsaslı su qızdırıcılarının quraşdırılması, eləcə də ictimai binalarda müxtəlif “yaşıl texnologiya”ların tətbiqi nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *