Azərbaycan xarici investorları “Yaşıl enerji zonası"na cəlb etmək istəyir

image

Oktyabrın 5-6-da Almaniyanın paytaxtı Berlində hibrid formatda 2-ci Xəzər Avropa Forumu keçirilib.

"Berpaolunanenerji.az"ın energetika nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanı bu forumda nazir müavini Elnur Soltanov təmsil edib.

Məlumata görə, tədbirdə Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrinin, həmçinin Almaniyanın hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların və şirkətlərin yüksək səviyyəli rəhbər şəxsləri iştirak edib.

“Enerji və davamlılıq: karbohidrogen resurslarından iqlim cəhətdən neytral iqtisadiyyata gedən yol” adlı sessiyada onlayn iştirak edən nazir müavini “Beynəlxalq enerji aləmində Azərbaycan - gələcəyə baxış” mövzusunda çıxış edib. E.Soltanov bildirib ki, Azərbaycanın müstəqilliyinin 30-cu ilində ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafına digər sahələrlə yanaşı, energetika sahəsi, xüsusilə də neft-qaz sahəsi öz töhfəsini verib. Ölkənin nəhəng enerji layihəsi sayılan Cənub Qaz Dəhlizi 2020-ci ilin sonunda uğurla yekunlaşıb və bu layihə yaxın regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır. Nazir müavini, həmçinin ölkəmizdə enerji keçidi sahəsində görülən işlərdən bəhs edib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Prezident İlham Əliyevin tapşırığı ilə “Yaşıl enerji zonası”nın yaradılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib, bu istiqamətdə xarici investorların cəlbi perspektivlərini diqqətə çatdırıb.

Forum Xəzər regionunda logistika və infrastruktur, enerji və davamlılıq, rəqəmsal iqtisadiyyat, turizm, kənd təsərrüfatı, səhiyyə iqtisadiyyatı və digər mövzular üzrə sessiyalarla işini davam etdirib.

Xəzər Avropa Forumunun əsas məqsədi Avropa və Xəzər regionu arasında iqtisadi əlaqələrin təşviqindən ibarətdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *