Azərbaycanda "Dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi" hazırlanır

image

Külək enerjisi dünyada hidroenerjidən sonra ən çox qoyuluş gücünə malik bərpa olunan enerji mənbəyidir. Bu enerji növü adətən, yerin quru ərazisində inşa edilsə də, dəniz və okenalarda da bu enerji növünün gücündən istifadə olunur. Dəniz külək enerjisinin qlobal qoyuluş gücü 2020-ci ildə 6 qeqavat artaraq 35 qeqavata çatıb.

Dəniz külək enerjisinin quru külək enerjisindən fərqi nədir və hansı üstünlükləri var? Azərbaycanda Xəzər dənizi sularında dəniz külək enerjisi potensialı necədir və bununla bağlı hər hansı layihə işlənirmi?

Bərpa olunan enerji üzrə mütəxəssis Elçin Tarquliyev Berpaolunanenerji.az-ın suallarını cavablayıb. 

"Dənizdə külək enerjisi ilə quruda külək enerjisi sistemlərinin bir neçə önəmli fərqləri var. Öncəliklə, dənizlər quru ərazilərlə müqayisədə daha küləkli olduğu üçün külək turbinləri daha böyük ölçü və gücə sahib olur. Misal üçün quruda fəaliyyət göstərən turbinlər əsasən 2.5-4 MVt (ən böyük 6 MVt) olduğu halda, dənizdə qurulan turbinlər 8-12 MVt-a qədər ola bilər. Digər bir önəmli fərq isə quruda küləkdən istehsal edilən enerjinin ucuz qiyməti kiçik ölçülü stansiyalara icazə versə də, dənizdə külək layihələri çox vaxt 1 GVt və ya daha böyük həcmli olur. Dənizdə əsən küləyin qurudakı küləklə müqayisədə aşağıdakı üstünlükləri vardır:

  • Küləyin sürəti müəyyən bir həddə qədər şaquli istiqamətdə getdikcə artır. Dənizdə küləyin önünü kəsən hər hansı bir maneə (məs. binalar, ağaclar) olmadığı üçün qanadlar arasındakı şaquli istiqamətdə sürət fərqi minimal olur ki, bu da itkiləri azaldır.
  • Dənizlərdə küləyin sürəti quru ilə müqayisədə daha sabit olduğu üçün dənizdə külək stansiyaları daha davamlı və yaxşı təxmin oluna bilən enerji istehsal edirlər.
  • Quruda yerləşən stansiyalarla bağlı yaxın ərazilərdə yaşayan insanların şikayətləri (turbinlərin yüksək səsi, turbinlərin yerdə titrəmə yaratması iddiası, turbinlərin gün çıxarkən və batarkən yaratdığı böyük kölgə, turbinlərin gözə xoş olmayan görüntüsü və s.) dənizdə yerləşən stansiyalarda olmur.
  • Dənizdə yerləşən stansiyalar üçün ərazi limitləri quru ilə müqayisədə daha rahatdır.

Azərbaycanın Xəzər dənizi sularında külək enerji stansiyası qurmaq üçün yaxşı şərtlər mövcuddur. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə “Azərbaycan Respublikasının dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesinə başlanmışdır. Həmin Yol Xəritəsi üçün Azərbaycan Respublikasının dənizdə külək potensialının dəqiq olaraq müəyyənləşdirilməsi işləri davam etməkdədir. Xəzər dənizinin Azərbaycana aid hissəsində dənizdə külək üçün ən uyğun ərazilər Abşeron yarımadası ətrafı hesab edilir. Abşeron yarımadasının şimalında xüsusilə güclü külək potensialı mövcuddur (illik orta hesabla 9 m/s). Hal-hazırda dənizdə külək enerjisinin yüksək qiyməti bu potensialı istifadə etməyə imkan verməsə belə, Yol Xəritəsində pilot layihələr və bu layihələr üçün mümkün ərazilərlə bağlı araşdırmalar aparılır."

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *