Azərbaycanın artan enerji potensialı və “yaşıl enerji” siyasəti

image

Azərbaycanda enerji tələbatı artmaqdadır. Proqnozlaşdırılır ki, bu proses bundan sonra da davam edəcək.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, bunun üçün də sözsüz ki, ardıcıl şəkildə alternativ enerji generasiyasının artırılmasına nail olunmalıdır: “Bu istiqamətdə görülmüş işlər dəyərləndirilərkən, mütləq unutmamalıyıq ki, ənənəvi enerji generasiyasından istifadə olunan resursları, burada ilk növbədə söhbət təbii qazdan gedir, tədricən qaz emalına yönəldərək daha çox iqtisadi dividendlər götürə bilərik”.

Xatırladaq ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Təməlqoyma mərasimində ölkə başçısı bildirib ki, Azərbaycan həm daxili tələbatı tam ödəyir, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir: “Qonşu ölkələrlə bizi birləşdirən yüksəkgərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər də çəkilər. Çünki region ölkələrində və eyni zamanda, Avropada elektrik enerjisinə tələbat artır. Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərar qəbul ediblər, biz, eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının bağlanması prosesini müşahidə edirik. Eyni zamanda, dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan “Yaşıl gündəliyi” də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri - 10 min kvadrat kilometr ərazini “yaşıl enerji” zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var”.

Prezident qeyd edib ki, bu külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. O vurğulayıb ki, bu, gözəl göstəricidir: “Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar. Onu da bildirməliyəm ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq vardır. Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir”.

Ölkə başçısı tam əmindir ki, hazırda ölkəmizdə inşa ediləcək bu ən böyük bərpaolunan enerji stansiyasının açılışından sonra və bəlkə də açılışına qədər biz digər investisiya layihələrini icra etməyə başlayacağıq: “O ki qaldı, bu stansiyanın açılışına, ümid edirəm, çox vaxt keçmədən biz bu böyük enerji layihəsinin açılışını birlikdə qeyd edəcəyik”.

Bir sözlə, Prezidentin də dediyi kimi, 2021-ci il ərzində də Azərbaycanda əlverişli investisiya mühiti təmin edilib. Xarici investorların maliyyə vəsaiti hesabına 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməlinin qoyulması bunu təsdiq edir.

E. Məmmədov qeyd edir ki, 240 meqavatlıq gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi bir daha göstərdi ki, burada söhbət xarici texnologiyaların investisiya şəklində ölkəyə gətirilməsindən gedir.

Professor bildirib ki, bunun üçün də alternativ enerji resurslarının generasiyasına investisiyaların yatırılması məqsədəuyğundur: “Biz alternativ enerji generasiyasının, o cümlədən küləyin payının artırılmasına nail olmalıyıq. Bu, o demək deyil ki, biz tədricən ənənəvi enerji resurslarının ən azından yaxın onilliklərdə demək olar ki, ortadan götürülməsinə doğru bir siyasət aparmalıyıq. Təəssüflər olsun ki, bu fikirlər tez-tez səslənir. Hesab edirəm ki, bu, kökündən yanlışdır. Çünki, külək enerjisi və günəş enerjisi ardıcıl enerji resursları hesab oluna bilməz. Burada biz mütləq şəkildə əlavə generasiyanın təmin olunması və məhz bu yolla ölkədə artan enerji tələbatının ödənilməsi məsələlərinin həllinə çalışmalıyıq”.

UNEC rəsmisi düşünür ki, sözsüz, bunu müsbət hal kimi dəyərləndirməklə yanaşı, ən önəmli məsələlərdən biri də ölkədə əhalinin artımı və sənayeləşmə və iqtisadi inkişafla bağlı enerjiyə tələbatın artması şəraitində enerjiyə olan tələbatın ödənilməsində, o cümlədən alternativ enerji generasiyasının payının artırılmasıdır. Bu istiqamətlərdə əsas işlər görülməlidir: “Əlavə enerji generasiyasına köklənmiş külək enerjisi istehsalı ilə bağlı layihənin reallaşdırılmasına müsbət yanaşıram”.

Qeyd edək ki, Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Energetika Nazirliyi ilə "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu da imzalanıb. Sənədi energetika nazirinin müavini Elnur Soltanov və “ACWA Power” şirkətinin investisiya üzrə baş direktoru Clive Turton imzalayıblar.

Memorandum dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.

Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitə və İşçi Qrup yaradılacaq.

Xatırladaq ki, Azərbaycan hazırda “ACWA Power” şirkəti ilə investisiya dəyəri 300 milyon ABŞ dolları olan 240 meqavatlıq gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edir.

Qeyd edək ki, “ACWA Power” şirkəti qlobal miqyasda bərpa olunan enerji sahəsində 14900 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 42800 MVt qoyuluş gücünə bərabər istehsal və 67.2 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *