Azərbaycanlı məktəblilər TEKNOFEST-də bərpa olunan enerji sahəsində layihə təqdim edəcək

image

TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində azərbaycanlı məktəblilər bərpa olunan enerji mənbələri sahəsində layihə təqdim edəcək.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Trend-ə TEKNOFEST-in iştirakçısı olan “Gənc istedadlar” komandasının məsləhətçisi Orxan Gülməmmədov deyib.

Onun sözlərinə görə, bu gün dünya sənayesinin inkişafının prioritet istiqamətlərindən biri alternativ enerji mənbələridir və “Gənc istedadlar” komandasının layihəsi bu sahə ilə əlaqəlidir.

“Bizim layihəmiz elektrik enerjisinin generasiyasına və onun təhlükəsiz istifadəsinə yönəlib. Gələcəkdə biz vətəndaşlarımızın enerjidoldurma qurğuları üçün elektrik enerjisi istehsal edə biləcək sensor panelləri hazırlamağı planlaşdırırıq. Bundan başqa, biz mobil qurğular və planşetləri şarj edə biləcək modelin yaradılmasını planlaşdırırıq”, - deyə O.Güləhmədov bildirib.

“Gənc istedadlar” komandasının üzvü Tamilla Süleymanova öz növbəsində deyib ki, TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı komandaya bu sahədən mütəxəssislərlə fikir mübadiləsi aparmağa, eləcə innovasiya və texnologiyalar sahəsində təcrübə əldə etməyə imkan verəcək.

“Gənc istedadlar” komandasının digər üzvü Misir Hüseynli əminliklə bildirib ki, komanda müsabiqənin final mərhələsində yüksək yerlər tutacaq.

“İnanıram ki, komandamız iştirakçıların ilk üçlüyündə öz yerini tutacaq. Hesab edirəm ki, layihəmizdə istifadə olunan innovasiya və texnologiyaların geniş spektri buna maraq oyatmağa imkan verəcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, uğur əldə olunacağı təqdirdə qrant vəsaitləri layihənin gələcək inkişafına yönəldiləcək.

“TEKNOFEST festivalında layihəmizin uğurlu nümayişi bizə nəinki yerli bazarda inkişaf etməyə imkan yaradacaq, həm də beynəlxalq bazarlara çıxış üçün stimul olacaq”, - M.Hüseynli deyib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək. "Berpaolunanenerji.az" festivalın rəsmi media tərəfdaşıdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *