Ekspert: "Neft və təbii qazın qiymətinin artması sektorun cazibəsini daha da artırır"

image

Ötən il pandemiya səbəbindən qlobal enerji tələbatının təqribən 5 faiz azalmasına baxmayaraq, alternativ enerji sektorunda 7 faiz böyüməni müşahidə etdik, son onillikdə isə bu 2 dəfədən çox olub.

Bunu “Berpaolunanenerji.az”energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə alternativ enerji sektorunun böyüməsi növbəti illərdə də proqnozlaşdırılır: “Çünki bu enerji növünün maya dəyərində azalma müşahidə olunur. Qeyd edim ki, ötən 10 il ərzində günəş və külək enerjisinin maya dəyəri, müvafiq olaraq 89 faiz və 70 faiz azalıb. Bu da təbii olaraq bu sektorun rentabelliyini daha da artırır”.

E.Axundzadə bildirib ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozlarına görə, 2021-ci ildə alternativ enerji təqribən 10 faiz arta bilər, növbəti 5 ildə isə 50 faiz böyümə gözlənilir: “2025-ci ildə elektrik istehsalında bərpaolunan enerji hətta kömürü də geridə qoya bilər. 2010-2019-cu illər ərzində alternativ enerji sektoruna təqribən 3 trilyon dollar maliyyə ayrılıb. Proqnozlara görə, növbəti onillikdə hər il bu sektora orta hesabla 450 milyard dollar investisiya qoyuluşu gözlənilir”.

Ötən il neft və təbii qazın qiymətinin azalmasına baxmayaraq, alternativ enerji sektorunda böyümə müşahidə edilib

Ekspert qeyd edib ki, alternativ enerji sahəsi son illərdə ən sürətlə böyüyən sahələrdəndir: “Neft və təbii qazın qiymətinin artması bu sektorun cazibəsini daha da artırır, qiymətin azalması isə əksinə. Çünki alternativ enerji əsasən, elektrik enerjisinin istehsalında istifadə olunur”.

E.Axundzadə dünyanın “sıfır emissiya” hədəfinin alternativ enerjiyə keçidi daha da sürətləndirdiyini deyib: “Dünyanın bir çox ölkələri “sıfır emissiya” hədəfi müəyyən edib. Məsələn, Avropa İttifaqı, ABŞ bu hədəfə 2050-ci ilə, Çin isə 2060-cı ildə çatmağı planlaşdırır. Bu da, öz növbəsində, alternativ enerji istehsalını stimullaşdırır. Burada əsas problemlərdən biri də odur ki, heç bir bərpaolunan enerji mənbəyinin fasiləsiz enerji ilə təminatı yoxdur. Məsələn, iqlim dəyişikliyi nəticəsində külək enerjisinin, quraqlıq səbəbilə hidroelektrik istehsalında problemlər meydana çıxır. Ona görə “sıfır emissiya” hədəfinə nail olmaq üçün hidrogen enerjsindən istifadə və bu istiqamətdə müvafiq texnologiyaların inkişafı labüddür”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *