Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə kommunikasiya Strategiyası təsdiq olunub

image

Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə kommunikasiya Strategiyası işçi qrup üzvləri tərəfindən təqdim olunan rəy və təkliflər nəzərə alınmaqla təkmilləşdirilib və təsdiq olunub.

“Berpaolunanenerji.az”ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu gün biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası videokonfrans formatında keçirilib.

Videokonfransı açıq elan edən İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev öz giriş nitqində iclasın Azərbaycan Prezidenti İlham Əliyevin anadan olmasının 60 illik yubileyinə təsadüf etdiyinə diqqət çəkərək, ölkə başçısının müəyyən etdiyi inkişaf strategiyasında biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasının və sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Strategiyanın kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməklə geniş ictimaiyyətə təqdim olunması üzrə konkret planlara dair təkliflər təqdim olunub.

İşçi qrupun 2021-ci il üzrə fəaliyyətinin yekunları və Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyəti müzakirə olunub. 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına təqdim edildiyi bildirilib.

Elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində aparılmış islahatlarla bağlı sahibkarlar arasında cari ilin IV rübündə keçirilmiş sorğunun yekunlarına dair təqdimat nümayiş olunub, əldə edilmiş nəticələr təhlil edilib və məmnunluğun artırılmasına dair atılmalı olan addımlar müəyyənləşdirilib.

İclasda Energetika Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “BHM” hüquq şirkətlərinin nümayəndələri iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *