Nazir: "Dənizdə külək enerjisi ilə bağlı hazırlanan proqramın birinci fazası yekunlaşdırılır"

image

"Xəzər dənizində böyük külək enerjisi potensialı var ki, hazırda onun da həyata keçirilməsi haqqında düşünürük. Cənab Prezidentin tapşırığına uyğun olaraq, biz bu güclərdən istifadə imkanlarına həsr olunmuş bir proqramın işlənilməsi ilə məşğuluq. Bu proqram Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə hazırlanır və onun birinci fazası artıq yekunlaşdırılır".

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov "Report"a müsahibəsində deyib.

"Bu yaxınlarda proqramın hazır olacağını gözləyirik və artıq onun ikinci fazası haqqında düşünürük. Eyni zamanda, biz bır sıra enerji şirkətləri ilə də əməkdaşlıq edirik. “ACWA Power”, BP, “Total”, “Masdar” və “Lukoil” şirkətləri Xəzər dənizində külək enerjisinə ciddi maraq göstərir. Həmçinin bu layihə üzrə “Equinor”, “Global Maritime”, “RSL Kshema” şirkətləri ilə də dialoq aparılır. Düşünürəm ki, yaxın müddətdə bu layihə üzrə fəal işlərə başlanacaq və bunun da bəhrəsini görəcəyik", - nazir bildirib.


Qısa olaraq müsahibədən:

- Cənab nazir, bu ayın əvvəlində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı baş tutdu. Ümumilikdə, sonuncu toplantını necə qiymətləndirirsiniz?

- Bu dəfə Məşvərət Şurası ənənədən kənara çıxaraq Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində bu gün dünya enerji cəmiyyətinin, o cümlədən Məşvərət Şurasının iştirakçıları olan ölkələri narahat edən bir çox yeni enerji çağırışları ilə bağlı məsələləri müzakirə edirdi. Bunlar hansı məsələlər idi? Sözsüz ki, bu, bərpa olunan enerji mənbələrinin inkişafı, dekarbonizasiya məsələləridir. Həmçinin, bu, metan qazının tutulması, enerji effektivliyi məsələləridir. Yəni, enerji keçidinin bütün aspektlərinə dair müzakirələr bu dəfə Məşvərət Şurasının ikinci sessiyasında tam əhatə olunurdu.

Dövlət başçısının çıxışında da vurğulanırdı ki, bu formatda əməkdaşlığımız uğurlu oldu. Cənub Qaz Dəhlizi tamamlanıb, lakin bizim işimiz davam edir. Layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək. Düşünürəm ki, misilsiz əməkdaşlıq modeli Məşvərət Şurasında fəaliyyətimiz daha çox üzvlərin iştirakı ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və “yaşıl enerji” sahəsində tərəfdaşlıq əlaqələrinin qurulması ilə davam edəcəkdir.

- Cənab nazir, bir az da alternativ və bərpa olunan enerji haqqında söhbət etmək istərdik. Bu il üçün ölkədə bu sahədə hansı işlərin görülməsi nəzərdə tutulub?

- Dövlət başçısı tərəfindən ölkədə bərpa olunan enerji sahəsinin inkişafı prioritet məsələ kimi müəyyənləşdirilib və cənab Prezident qarşımızda bir sıra məsələlər qoyub. Paralel olaraq biz bu sahədə qanunvericiliyi də inkişaf etdiririk. Keçən ilin ortalarında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” yeni Qanun qəbul edilib. Bu qanun bizim üçün bir çox imkanlar yaradır. Hazırda biz alt qanunlar və qaydalar üzərində iş aparırıq ki, bu sənədlər də hazırlanıb təsdiq olunandan sonra yeni perspektivlər açılacaq, bərpa olunan enerji mənbələrindən daha geniş istifadə üçün münbit şərait yaradılacaq.

Bildiyiniz kimi, bununla yanaşı, bir sıra praktiki addımlar da atılır. Dövlət başçısının da təməlqoyma mərasimində iştirak etdiyi “Acwa Power” şirkəti ilə birgə həyata keçirdiyimiz layihəni qeyd etmək istərdim. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə həyata keçirilən layihə üzrə də işlər davam edir. Eyni zamanda, işğaldan azad olunmuş Cəbrayıl rayonunda BP şirkəti ilə ümumi gücü 240 MVt olan günəş elektrik stansiyası layihəsi ilə bağlı müvafiq işlər görülür. BP şirkəti ilə icra müqaviləsi imzalanıb ki, bu da layihənin dəyərləndirilməsi və həyata keçirilməsi üzrə birgə əməkdaşlığı təmin edir.

Bizim bundan sonra bərpa olunan enerji mənbələrinin inkişafı üzrə yeni qəbul olunmuş qanun çərçivəsində hərracların keçirilməsi planlarımız var. Bunun üçün bir sıra hüquqi norma və qaydaların qəbul edilməsinə ehtiyac var. Hazırda onların işlənilməsi və digər dövlət qurumları ilə razılaşdırılması prosesi həyata keçirilir. Yəni bütün bunlar Azərbaycanda dövlət başçısının “Yaşıl enerji” kursunun həyata keçirilməsi siyasəti çərçivəsində atılan addımlardır.

Bilirsiniz ki, “Yaşıl artım” konsepsiyası Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetlərindən biri kimi cənab Prezident tərəfindən müəyyənləşib. Eyni zamanda, cənab Prezident Qarabağ və Şərqi Zəngəzur bölgəsini “Yaşıl enerji zonası” elan edib. Bununla bağlı müvafiq konsepsiya hazırlanıb və bu bölgələrdə bir sıra sahələr üzrə yaxın gələcəkdə fəaliyyət həyata keçiriləcək.

-Sizcə, ölkədə bərpa olunan enerji mənbələrinin artımı illik olaraq bizə nə qədər həcmdə təbii qaza qənaət etməyə imkan yaradacaq?

- Əlbəttə ki, bunu ayrıca hesablamaq mümkündür. Bu da layihələrin inkişafından asılıdır. Reallaşdırılan layihələri götürsək, Abşeron və Xızı rayonlarının kəsişməsində inşa edilən 240 MVt gücündəki külək elektrik stansiyasının faydalı iş əmsalı yüksək olacaq. Təxminən, illik 220 milyon kubmetr təbii qaza qənaət edilməsinə gətirib çıxaracaq. Günəş elektrik stansiyalarının faydalı iş əmsalı isə bir qədər az olacaq. “Masdar” şirkətinin həyata keçirdiyi layihə illik 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə imkan verəcək. Təbii ki, bu həcmlər kiçik deyil. Məsələn, bəzi Balkan ölkələrinin ehtiyacı olan qaz həcmləri elə bu iki stansiya hesabına qənaət ediləcək qaz həcmlərinə bərabərdir.

- Bu gün ümumilikdə Azərbaycanın alternativ və bərpa olunan enerjinin payı ümumi generasiya həcmində nə qədərdir? Bu yeni stansiyalar fəaliyyətə başladıqdan sonra onun payı nə qədər olacaq? Yəni, Azərbaycan 2030-cu ilə qədər qarşısına qoyduğu 30 % göstəricisinə nail ola biləcəkmi?

- Bəli, dövlət başçısı qarşımıza bu vəzifəni qoyub. Ölkənin ümumi enerji istehsalı gücündə bərpa olunan enerjinin payını 2030-cu ildə 30 %-ə çatdırmaq strateji hədəfimizdir. Bu gün Azərbaycanda su elektrik stansiyalarını da hesablasaq, bu rəqəm, təxminən, 17 %-ə yaxındır. Düzdür, bu rəqəmdə günəş və külək elektrik enerjisinin payı hələki kiçikdir, 2 %-ə qədərdir.

Qarabağ və Şərqi Zəngəzurda kiçik su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Bu il bu ərazilərdə 5 kiçik su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Növbəti illər ərzində isə burada 30-a yaxın su elektrik stansiyasının tikintisi planlaşdırılır. Digər planlarımız böyük və daha sonra nisbətən orta və kiçik həcmli bərpa olunan enerji stansiyalarının tikintisi ilə bağlıdır ki, onlar da əsasən günəş və külək enerjisi layihələridir. Bu layihələr imkan verəcək ki, 2030-cu ilə qədər 30%-lik hədəfə nail olaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *