Ötən ilə enerjili baxış – yaşıllaşan azad Qarabağ

image

Ötən il 44 gün davam edən və Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan savaşdan sonra, dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonası"nın yaradılmasına başlanıldı. Bu məqsədlə bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılmağa başlanıldı. Bunlarla yanaşı, ənənəvi enerji resurslarından elektrik enerjisi istehsalı sahəsinə də özəl investisiyaların cəlb olunması istiqamətində işlər davam etdirilir. Bir sözlə, Qarabağda və Şərqi Zəngəzurda "yaşıl məkan" konsepsiyasının hazırlanmasına başlanıldı. Ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək "yaşıl zona", yaxud yaşıl məkan konsepsiyasının hazırlanmasına başlanıldı. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır. İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4 000 meqavatdan çox günəş, 500 meqavatadək külək enerjisi potensialı var. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılıb.

Bununla yanaşı, bu sahədə pilot layihələr də həyata keçirilir. 2020-ci ilin dekabr ayının 29-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin həyata keçirilməsinə ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində 1 milyard kilovat/saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq.

Həmçinin. 2021-ci ilin aprelində Azərbaycanda günəş enerjisi stansiyasının tikintisinə dair layihənin həyata keçirilməsinə dair müqavilə imzalandı. Azərbaycan hökuməti və BƏƏ-nin “Masdar” şirkəti Ələt yaxınlığında 230 meqavat gücü olan günəş elektrik stansiyası tikintisi üçün müqavilə imzaladılar. Bu günəş elektrik stansiyası Qobustan ərazisində yerləşəcək və layihənin ümumi investisiya dəyəri təxminən 200 milyon ABŞ dolları təşkil edir.

Artıq ölkəmizin hədəfləri ölkənin ümumi enerji istehsalı gücündə bərpa olunan enerjinin payını hazırkı 17,3 %-dən 2025-ci ildə 24 %-ə, 2030-cu ildə isə 30 %-ə çatdırmaqdır. Hətta bu məqsədlə növbəti onillikdə quraşdırılması planlaşdırılan 1 500 MVt-lıq yeni istehsal güclərinin 470 meqavatını “ACWA Power” və “Masdar” kimi tərəfdaşlarla reallaşdırılacaq.

Həmçinin gələn il, Azərbaycanda ölkənin bərpa olunan enerji mənbələri potensialının atlası işləniləcək və müvafiq hüquqi aktların qəbulundan sonra atlasa daxil edilmiş ərazilər investorlara təklif ediləcək. Hərracların keçirilməsi üçün müvafiq sənədlər və müqavilə layihələri artıq hazırdır. İlk hərracın Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) seçdiyi məsləhətçi şirkətin dəstəyi ilə gələn il keçirilməsi planlaşdırılır.

Həmçinin, bu Qarabağ və Şərqi Zəngəzurda “Azərenerji” tərəfindən 9 yarımstansiya tikilərək istifadəyə verildi. Tikilən yarımstansiyaların hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb. Belə ki, işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, sözügedən rayonların ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması ilə bağlı Prezident İlham Əliyevin enerji strategiyasına uyğun olaraq 2021-ci ildə kompleks işlər həyata keçirilib. Belə ki, Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar formalaşdırılıb. İstismara verilən rəqəmsal yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırlması, problemlərin tez həlli proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilir.

Qarabağ və Şərqi Zəngəzurda “Güləbird”, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara verildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında isə yenidənqurma işləri tamamlanıb. Bu 4 elektrik stansiyasının ümumi gücü 20 meqavatdan artıq olub.

2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Bunlar “Şuşa”, “Füzuli” və “Şükürbəyli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarının dövlət başçısının iştirakı ilə açılışı Ağdam rayonunda inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Rəqmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

“Şükürbəyli” yarımstansiyasına Beyləqandan 51 km məsafədə 110 kV-luq yeni xətt çəkilib. Ən əsası Şükürbəylidən Şuşaya 75 km, eyni zamanda “Cəbrayıl” və “Qubadlı” yarımstansiyalarına giriş-çıxış olmaqla “Zəngilan” yarımstansiyasına qədər 110 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib. Həmçinin “Qubadlı” yarımstansiyasından “Güləbird” SES-ə 19 km məsafədə 110 kV-luq xətt inşa edilib.

Bundan əlavə “Daşkəsən” yarımstansiyasından Murov dağını keçməklə yeni tikilən “Kəlbəcər” yarımstansiyasına 70 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti gətirilib. Həmçinin “Xındırıstan” yarımstansiyasından minalanmış əraziləri keçməklə yeni tikilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.

Qarabağda aparılan quruculuq işlərini nəzərə alsaq demək olar ki, 2022-ci ildə görüləcək işlər çoxdur, xüsusilə də enerji sahəsində. Bütün bunlar isə ölkəmizi enerjinin şaxələndirilməsi baxımdan daha da zəngin və maraqlı edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *