Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl Enerji Zonası”na dair konsepsiya hazırlanıb

image

"Qarabağ və Şərqi Zəngəzura Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə “Yaşıl Enerji Zonası” nın yaradılması üzrə müfəssəl Konsepsiya hazırlanıb".

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində bildirib.

"Baş Plan isə tərtib olunmaqdadır. Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb. Eyni zamanda, bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır”, - deyə o, qeyd edib.

Nazir bildirib ki, bu bölgələr 7 200 meqavat günəş, 2 000 meqavat külək enerjisi potensialına malikdir: “Ölkəmizin daxili su ehtiyatlarının isə, təxminən, 25%-i, yəni illik 2,56 milyard kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidro enerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə 3093 m3/gün, Şuşada isə 412 m3/gün termal su ehtiyatlarının mövcud olması ehtimal edilir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *