“Wood Mackenzie”: Yaşıl enerjiyə keçid neftin qiymətinin düşməsinə səbəb olacaq

image

Bu il “Brent” markalı neftin qiyməti, təxminən, 10%-dək arta bilər. Uzaq perspektivdə isə “Wood Mackenzie” şirkətinin analitikləri “yaşıl” enerjiyə keçiddən sonra “Brent” markalı neftin qiymətinin 10 ABŞ dollarınadək düşəcəyini proqnozlaşdırırlar.

“Wood Mackenzie” şirkətinin mütəxəssisləri iddia edirlər ki, artıq 2023-cü ildən başlayaraq, neftə olan tələbat azalmağa başlayacaq və XXI əsrin ortalarında tələbat hazırkından 70%-dək aşağı olacaq. Onların fikrincə, dünyanın qabaqcıl iqtisadiyyatları İqlim üzrə Paris sazişinin məqsədlərinə çatmaq üçün qəti addımlar ataraq “yaşıl” enerji daşıyıcılarına keçərsə, bu baş verəcək. Analitiklərin fikrincə, əsas təhlükə nəqliyyat və sənayenin elektrik enerjisinə keçidi ilə bağlıdır. Belə ki, bu, nefti enerji balansından çıxara və bazarı praktik olaraq məhv edə bilər. “Wood Mackenzie” şirkətinin proqnozlarına görə, bu halda, “Brent” markalı neftin qiyməti artıq 2030-cu ilədək 37-42 ABŞ dollarına, 2050-ci ilədək isə ümumiyyətlə 10 ABŞ dollarınadək aşağı düşəcək.

Analitiklər isə hesab edirlər ki, bu proqnoz reallıqdan uzaqdır. Belə ki, hazırda yanacaq sərfiyyatının yalnız 65%-i nəqliyyatın payına düşür. Təyyarələrin “yaşıl” enerji daşıyıcılarına keçidi hələlik nəzərdə tutulmadığından benzinə olan tələbat hələ uzun müddət qalacaq. Ekspertlər vurğulayırlar ki, neftin 1 barelinin qiymətinin 10 ABŞ dollarına düşməsi çox böyük sarsıntıya səbəb ola bilər ki, bazar bunun baş verməsinə imkan verməz: əgər neftin hasil edilməsi imkanı mövcuddursa, onun istifadəsi üçün də yollar tapılar. Bundan başqa, bərpa olunan enerji mənbələri əsasında yaradılan elektrik enerjisinin həcmi dünya üzrə generasiyanın cəmi 27%-ni təşkil edir. Ekspertlər qeyd edirlər ki, nə sənaye, nə də nəqliyyatın sürətli şəkildə bu cür enerjiyə keçidi mümkün deyil. Onların fikrincə, karbon tərkibli yanacağın istifadə olunduğu iqtisadiyyat sahələri karbon tullantıları olmayan yanacağa keçmədikcə, neftin qiyməti artmaqda davam edəcək və 1 barelə görə qiymət hətta 80 ABŞ dollarınadək çata bilər.

Mənbə: Report

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *